Konsertdə yıxılıb qolunu sındırsa da, 2 saat aparıcılıq etdi
Zəfər” yarmarkasının bağlanış mərasimi ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş konsertdə İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin başına iş gəlib.
“zirvetv.az” xəbər verir ki, o, aparıcısı olduğu tədbirdə səhnədən düşərkən yıxılaraq qolunu iki yerdən sındırıb. Tədbir iştirakçıları saytımıza bildirib ki, o, yıxılandan sonra 2 saat konsertdə aparıcılıq edib. Üz nahiyəsindən də zədə alan J. Həsənli səhnə arxasında qrimlə onu gizlətməyə çalışıb.
Tədbirdən sonra tibb müəssisəsinə müraciət edən aparıcı qolunun sındığından orada xəbər tutub və ona gips qoyulub. O, bu haqda instaqramda da paylaşım edib: “Necə deyərlər, igid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana. Yıxılsam da, ayaqdayam. Hər şey əladır, buna da şükür”.
Xatırladaq ki, J. Həsənli Vətən müharibəsi günlərində bir sıra kəndlərin işğaldan azad edilməsi xəbərini çatdırarkən göz yaşlarına hakim ola bilməmiş, onun görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə ən çox izlənən olmuşdu.