Ağcəbədi sakini məruz qaldığı haqsızlıqlara görə PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikası Dövlər Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik cənab Əli Nağıyevə
Surəti: Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının Sədri cənab İnam Kərimova
Ədliyyə Nazirliyi PX-nın müalicə müəssisəsində müalicə olunan təqsirləndirilən şəxs Qədimov Elyaz Yaqub oğlu tərəfindən
ƏRİZƏ
Mən müraciətimi Ümummilli liderimiz Heydər Əliyevin kəlamı ilə başlamaq istəyirəm. “Cəmiyyət iki şeydən sarsılır. Bir günahsız cəzalananda, iki-günahkar cəzasız qalanda. Mənim iki ilə yaxın müddətdə həbsdə olmağımı qanunsuz hesab etməklə, cəmiyyətdə hüququn zəifləməsinə xidmət etdiyini düşünürəm. Mən və mənim ailəm, nəslim Ümummilli liderimiz Heydər Əliyevin işıqlı ideyalarına sadiq qalmışıq. 1993-cü ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinə səs vermişik. Mən böyük bir nəslin ağsaqqalı olaraq hər zaman dövlətimizə və dövlətin hüquq–mühafizə orqanlarına güvənmişəm. Azərbaycan polisini ölkəmizdə asayişi qoruyan, fədakarcasına xalqımıza xidmət edən bir orqan hesab etmişəm. Ancaq təəssüflər olsun ki, bu fikirləri Ağcabədi rayon polis şöbəsi haqqında söyləyə bilmirəm. İki il bundan əvvəl Ağcabədi rayon polis şöbəsinin rəhbərliyinin, şöbənin sabiq rəisi Ənvər Həsənovun və baş müstəntiq Nizami Məmmədovun mənimlə bağlı yol verdikləri qanunsuzluqlar, şəxsqərəz, özbaşınalıqdan sonra mənim polisə qarşı güvənim və inamım sarsıldı.
Belə ki, 2022-ci ilin ortalarından başlayaraq Ağcabədi polisi mənə qarşı görünməmiş qanunsuzluqlar etdi. Əvvəl məni və qardaşımı guya üstümüzdə silah aşkarlanıb deyə heç bir sübut olmadan həbs etdilər. Bu qondarma ittiham üzrə qaldırılmış cinayət işini aparan müstəntiq Nizami Məmmədov rəisin adından mənimlə danışıqlar apardı. Bizim dərhal həbsdən azad olunmamızın müqabilində məndən 50000 (əlli min) manat rüşvət tələb etdi. Mən isə qohum-əqrabanın köməyi ilə həmin məbləği düzəldib müstəntiqə verdim. Bir gün sonra qardaşım həbsdən azad edilsə də, mən Gəncədəki istintaq Təcridxanasına etap olundum. Bununlada müstəntiq məndən tələb etdiyi rüşvəti alsa da verdiyi vədə əməl etmədi. Yəni məni qanunsuz olaraq həbsdə saxladı. Mən isə haqqımı tələb etmək məqsədi ilə istintaq Təcridxanasından Respublikanın Baş prokuroruna və digər aidiyyəti qurumlara yazılı müraciətlər göndərdim. Nəticədə 3 ay həbsdə qalandan sonra prokurorluğun qərarı ilə qondarma cinayət işinə bəraətverici xitam verilidi və azadlığa buraxıldım. Sonra müstəntiq Nizami Məmmədovdan verdiyim 50000 manatı tələb etdim. O da pulu rəisə verdiyini və onda pul olmadığını dedi. Bir müddət sonra Ağcabədi polisi 19 nəfər yalançı şikayətçini mənim üzümə dayandıraraq məni yenidən həbsə aldı. Yenə prokurorluğun ədalətli qərarı ilə bu qondarma cinayət işinə də xitam verildi. Sonra yenə 50000 manatı tələb etdim. Ancaq görəndəki Ağcabədi polisi mənim pulumu qaytarmaq istəmir.
Daxili işlər naziri cənab Vilayət Eyvazovun qəbuluna yazıldım. 26.10.2022-ci il tarixində cənab Vilayət Eyvazov Bərdə rayonunda vətəndaşları qəbul edərkən məni də qəbul etdi. Məni ətraflı dinləyən Cənab Nazir məndən yazılı ərizə də aldı. Qəbuldan 2 gün sonra yəni 28.10.2022-ci il tarixində müstəntiq Nizami Məmmədov məni Ağcabədi RPİ-nə dəvət etdi və öz xidməti otağında 50000 manat pulumu özümə qaytardı. Bundan bir neçə gün sonra 3 noyabr 2022-ci ildə Daxili İşlər Nazirliyi BMCMİ-nin əməkdaşları tərəfindən Ağcabədi rayonunda həbs olundum. Bu dəfə isə məni daha gülməli ittihamla üz-üzə qoydular. Belə ki, neçə il birgə biznes fəaliyyətində olduğum, maddi və mənəvi dəstək göstərdiyim Ağcabədi rayon sakini Aygün Cavadova və Telli Əliyeva adlı iki qadını məndən şikayətçi düzüb qoşdular. Ancaq hələ bu günə kimi nə istintaq dövründə, nə də məhkəmədə şikayətçilərlə mənim aramda üzləşmə keçirilməyib. Ümumiyyətlə istintaq dövründə mən heç bir istintaq hərəkətinin şahidi olmamışam. Qondarma ittiham əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlamış proses dövründə şikayətçilərdən biri Telli Əliyeva Ağcabədi polisinin hədə-qorxusu ilə məndən şikayətçi olduğunu yazılı surətdə qeyd edib. Telli xanım həmçinin mənim ailə üzvlərimin yanında da səmimi etiraf edərək polisin təkidləri ilə məndən şikayətçi olduğunu danışıb. Onun dedikləri kameranın yaddaşına köçürülüb. Elə bu fakt Ağcabədi rayon polis şöbəsinin özbaşınalıqlarına və mənə qarşı etdikləri qanunsuzluqlara sübutdur.
Lənkəran ağır Cinayət Məhkəməsində keçirilmiş 10 baxış iclasında da tərəfsizlik, obyektivlik, işin taktiki hallarını araşdıran ədalətli məhkəmə istintaqı görmürəm. Məhkəmə prosesi başlayan gündən bəri mənim və vəkilimin təqdim etdiyi əsaslı vəsatətlər təmin edilməyib. Yaşımın 65 yaşdan çox olmasını, bir neçə ağır xəstəliklərdən əziyyət çəkməmi, həbs olunandan bəri müalicə müəssisəsində müalicə olunmamı, bir neçə dəfə ürək əməliyyatına məruz qalmamı heçə alaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətmizi belə qəbul edilmədi. Baş tutmuş 10 məhkəmə baxışının yalnız birində mənim iştirakım təmin edilib. Digər 9 məhkəmə iclasına isə onlayn qoşulmuşam. Görmə qabiliyyətimin zəif olması və yaxşı eşidə bilməməyimin səbəbindən onlayn qaydada qoşulduğum məhkəmə iclasında kimin nə söyləməsini nə eşidə bilirəm, nə də məhkəmə iştirakçılarını görə bilirəm. Bu barədə də etdiyim müraciətlər cavabsız qalıb. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, istintaq dövründə üzləşdiyim ədalətsizliklərlə məhkəmə prosesində də üzləşirəm. Bu da mənim ədalət mühakiməsinə və yekunda ədalətli hökm verilməsinə olan inamımı azaldır.
Mənim günahsız olaraq qondarma və saxta ittiham olunmağım, həm istintaq dövründə , həm də Lənkəran Ağır Cinayətlər Məhkəməsində (hakim Cavid Səfərlinin sədrliyi ilə) mənə qarşı yol verilən ədalətsizliklər başçılıq etdiyim ailəmin, ağsaqqalı olduğum böyük bir nəslin dövlətə və dövlətin ədalətinə olan inamını sarsıldır. Bunu isə mən heç istəmirəm.
Mən böyük inam hissi ilə sizə müraciət edərək mənə qarşı iki ilə yaxın müddətdə olunan haqsızlığa, ədalətsizliyə, qanunsuzluğa son qoyulacağına ümid edirəm. Bunun üçün bu qanunsuzluqları edənlərə “dur” demənizi sizdən xahiş edirəm.
Onu da qeyd edim ki, mən uzun illərdir ki, Ağcabədi rayonunda sahibkarlıq fəaliyyəti ilə məşqul idim. Heyvandarlığın inkişafına töhfə verməyə çalışmışam.
Mən qanunsuz həbs olunandan sonra Ağcabədi polisinin özbaşınalığı səbəbindən kənddə fermer təsərrüfatım məhv olmaqdadır.
Müraciətimə ümumilli liderimizin kəlamı ilə başladığım kimi o dahi şəxsiyyətin fikri ilə bitirmək istəyirəm. “Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” Ədalətli dövlətin bərqərar olması üçün böyük işlər görmüş dahi Heydər Əliyevin vəsiyyətlərinə əməl etmək üçün mənə qarşı yönələn ədalətsizliklərə son qoyulması naminə işimi şəxsi nəzarətə götürmənizi və işə birbaşa müdaxilə etmənizi sizdən xahiş edirəm. Bunu qondarma ittihamla üz-üzə qalmış təqsirləndirilən şəxs kimi tək öz adımdan deyil, həm də iki ildir mənəvi və psixoloji əzablara məruz qalmış ailəm və elim-obam adından xahiş edirəm.
Əvvəlcədən sizə səmimi təşəkkürümü bildirirəm.
İmza: Qədimov Elyaz Yaqub oğlu