Mediator boşanmaya mane olur, yoxsa kömək edir?
Son vaxtlar ailə münaqişəsi zəminində qətllərlə bağlı xəbərlərə tez-tez rast gəlinir. Təkcə yanvar ayı başlanandan bir neçə belə dəhşətli cinayət hadisəsinin şahidi olmuşuq. Səs-küylü qətl hadisələrindən biri yanvar ayının ilk günlərində Köhnə Günəşli qəsəbəsində qeydə alınıb. Keçmiş “Lider” televiziyasının əməkdaşı 31 yaşlı Nahidə Həsənova əri tərəfindən balta və bıçaqla qətlə yetirilib. Digər bir balta ilə qətl Ağstafa rayonunda qeydə alınıb. Bu dəfə rayonun Dağ Kəsəmən kənd sakini 37 yaşlı Elvin Mübariz oğlu Abdullayev həyat yoldaşı tərəfindən qətlə yetirilib.
Ötən il də analoji faciəvi hadisələrlə “zəngin” olub. Bu qətl hadisələrinin baş vermə səbəbləri müxtəlif olsa da, ekspertlər problemlərin qətlə və ya intihara qədər gəlib çıxmasını bir-birinə uyğun olmayan cütlüklərin vaxtında boşanma qərarı verməmələri ilə bağlayırlar. Öz taleyini həll edə bilməyən ər və ya arvadın münasibətləri sonda faciə ilə nəticələnir.
Məlumdur ki, 2020-ci ilin fevralından etibarən Azərbaycanda Mediasiya Şurası fəaliyyət göstərir. “Mediasiya haqqında” Qanuna görə Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni boşanma üçün müraciət edən şəxsin ilkin mediasiya sessiyasında iştirakı məcburidir.
Bəs mediator kimdir? Bu məsələdə mediatorun rolu nədən ibarətdir? Azərbaycanda Mediasiya institutunun yaradılması ilə ailə münasibətlərindəki problemlər necə tənzimlənir?Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Şəhriyar Əbilovun “Qafqazinfo”ya bildirdiyinə görə, mediator Mediasiya haqqında Qanunun tələblərinə cavab verən ali təhsili, 25 yaşı tamam olan, ən azı 3 illik iş stajına malik olan, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirən fiziki şəxsdir. Azərbaycanda Mediasiya haqqında qanun 29 mart 2019-cu ildə qəbul olunub. Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur:
“Əgər qeyd olunan mübahisələr üzrə tərəflər mediasiya sessiyasında iştirak etməkləri və bu barədə məhkəməyə sənəd təqdim etmədikləri halda, məhkəmələr Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsini geri qaytarır. Pandemiya ilə əlaqədar olaraq qanunun 3.2-ci maddəsinin icrası 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib və hazırda kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər ilkin mediasiya sessiyasında iştirak tələb olunur”.
Ş. Əbilov bildirir ki, ailə münasibətlərindən irəli gələn yəni, nikahın pozulması, uşaqların hansı valideynin yanında saxlanılması, alimentin müəyyən olunması, birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi və digər ailə daxili mübahisələrdə mediatorun əsas işi tərəfləri barışdırmaq deyil:
“Əlbəttə, tərəflərin barışması üçün onlara təklif edə bilər ki, ayrılmasınlar, barışsınlar, ailə münasibətlərini davam etdirsinlər. Amma tərəflər ayrılmaqda israrlıdırlarsa aralarındakı mübahisənin uşaqların da mənafeyi nəzərə alınmaqla, qarşılıqlı razılıq əsasında həllinə nail olmaqdır. Vəkil tərəflərin hüquq və mənafeyini müdafiə edən şəxsdir. Hər hansı dövlət orqanında o cümlədən məhkəmədə, mediasiya sessiyasında tərəfləri təmsil və müdafiə edir. Mediator isə hər hansı bir tərəfin mediatoru deyil, mediasiya prosesini aparan şəxs olaraq, müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir. Mediasiya sessiyasında yekun qərarı mediator deyil, tərəflər özləri qəbul edirlər”. Ş. Əbilovun sözlərinə görə, ailə münasibətlərindən irəli gələn və digər münasibətlərlə əlaqəli olan mübahisələrin mediasiya qaydasında həlli cəmiyyətin sifarişdir. Belə ki, tərəflər məhkəmə çəkişməsi zamanı və ya hər hansı bir mübahisə ilə bağlı ən azı bir ilə qədər vaxt sərf edir, hüquqi xidmətin göstərilməsi üçün ödəniş etmiş olurlar. Yekunda tərəflədən biri qalib ayrılaraq digər tərəf həmin qərarı icra etmək məcburiyyətində qalır:
“Ümumiyyətlə təcrübə göstərir ki, məhkəmə çəkişməsi olan tərəflərin münasibətləri əvvəlki formada davam etmir. Amma mediasiya bunun əksinə olaraq, az zaman sərf etməklə, az vəsait xərcləməklə aralarında olan mübahisəni öz maraqları çərçivəsində, qarşı tərəfin maraqlarını nəzərə almaqla həll etmiş olur və qəbul etdikəri, icra edəcəkləri qərar öz qərarları olmaqla yanaşı, hər iki tərəf qalib olaraq münasibətlərini əvvəlki müstəvidə davam etdirirlər”.
Mediatorun qarşılaşdığı əsas problemə gəlincə isə, Ş. Əbilov bildirir ki, cəmiyyətimizdə mediasiya bağlı ən böyük problem qarşı tərəfin mediasiya sessiyasına gəlməməsilə bağlıdır: “Mediator kimi fəaliyyətim dövründə 20-dən artıq ailə münasibətlərin irəli gələn mübahisəyə mediatorluq etmişəm. Yalnız 4 işdə tərəflər sessiyaya gəliblər və onun ikisi barışıq sazişi ilə nəticələnib. Düşünürəm ki, cəmiyyətdə mediasiyanı təbliğ etməklə vətəndaşlarımızın mediasiyaya inamını artırmaqla, onları mediasiya masasına gətirə bilsək, ölkəmizdə mübahisələrin alternativ həlli vasitələrindən biri olan mediasiya institutunun inkşafına ciddi şəkildə dəstək vermiş olarıq”.