Qubada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Siyasət
18 May 2023
17:32


Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konfrans keçirilib.

"ZirveTv"nin xəbərinə görə, tədbir Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Qubanın icra başçısı Ziyəddin Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Milli Məclisin deputatı Vahid Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları Heydər Əliyev parkında Ümummilli Liderin abidəsinin ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra konfrans öz işinə başlayıb və H.Əliyevdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Əli Həsənov vurğulayıb ki, 20 il Ulu Öndərin rəhbərliyi altında işləyib: "Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopub, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilib. Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük. O, öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük Azərbaycanlı olub".

Bahar Muradova isə bildirib ki, Heydər Əliyevin Azərbaycanda qadın hərəkatının inkişafı prosesindəki rolu danılmazdır: "Ümummilli Lider Azərbaycan qadınını, onun ailədə, cəmiyyətdə və dövlət həyatında rolunu yüksək dəyərləndirməklə bərabər, onları həmişə fəal olmağa, öz imkanlarına güvənməyə, gənc nəslin tərbiyə və təhsilindəki roluna məsuliyyətlə yanaşmağa çağırardı".

O vurğulayıb ki, Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir: "Onun fəaliyyəti yalnız mənsub olduğu xalqa və yaxud da özünün bütün həyatını sərf edərək, qurub Azərbaycan xalqına bəxş etdiyi Azərbaycan dövlətinə məxsus deyil. Bu insan Azərbaycanın dünya ictimai-siyasi tarixinə verdiyi ən böyük şəxsiyyətlərdən biridir ki, onun irsi bütün xalqlar, millətlər və dövlətlər tərəfindən öyrənilir, örnək götürülür".

Digər çıxışçılar Heydər Əliyev haqqında təəssüratlarını bölüşüblər.

Sonda YAP sıralarına yeni qəbul olunan üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Gül AsimanNur.