Xaricdən gələn azərbaycanlı təbiblər Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olublar

Sosial
19 Haz 2023
20:06


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.

“ZirveTv” xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, bölgədə fəaliyyət göstərən səhiyyə qurumlarının rəhbərləri və həkimləri, xaricdə yaşayan və çalışan həkimlər iştirak ediblər.

Tədbirdə ilk olaraq iştirakçılara Quba Rayon Mərkəzi Xəstəxanasının (MRX) fəaliyyətini əks etdirən videorolik nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları Quba MRX-nin şöbələrinə baxış keçirib, Quba və ətraf rayonlarda çalışan həmkarları ilə fikir mübadiləsi aparıblar.



Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov belə görüşlərin xaricdə yaşayan həkimlərin Azərbaycan səhiyyə sistemi ilə yaxından tanışlığına, qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratdığını və belə görüşlərin gələcəkdə də davam etməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbirdə dünyanın 13 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak ediblər.

Simpoziumun işgüzar proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı həkimlər tərəfindən regionda fəaliyyət göstərən həkimlərə bir sıra təlimlər keçiblər.

Sonda mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.