Tərk edilmiş xarabalığı xatırladan Şabran bazarı

Sosial / Bölgə
10 Mrt 2023
23:49


"Kalxoz bazarı" adı ilə tanınan ticarət mərkəzi indi zibillik içərisində itib-batır, bazarın baxımsız olması insanların ayağını buradan kəsir.

Bununla bağlı “ZirveTv”-nin Şimal bürosuna müraciət edən rayon sakinləri bu problemlə uzun illərdir üz-üzə qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, bir zamanlar Azərbaycanın ekoloji cəhətdən təmiz rayonlarından sayılan Şabran indi zibilliyə çevrilib.



Şabran sakinləri işlədikləri ərazinin məişət tullantılarının poliqonuna çevrilməsindən şikayətçidirlər. Bildirirlər ki, antisanitar vəziyyətdə olan ərazi sahibsiz itlərin məskəninə çevirib. Bu vəziyyət uzun illərdi ki, hökm sürür. Külək olanda pis qoxudan bu ərazidə dayanmaq mümkün olmadığını sakinlər qeyd edir. Bazar boyu zibilliklər uzanır. Burada köhnə ayaqqabılar, polietilen paketlər, plastik butılkalar, bir sözlə, məişət tullantılarının hamısına rast gəlmək mümkündür. Əlbəttə ki, zibilliyə çevrilmiş bazarda hansısa məhsulu satmaqla yanaşı almaqda heç kəsə xoş deyil. Bir zamanlar insanların axın-axın gəldiyi bazarda indi isə insanlarla yanaşı qalağlanmış məişət tullantılarına da rast gəlinir. İlk baxışdan bazar uzun illər öncə tərk edilmiş xarabalığı xatırladır. Ərazidə yaşayan sakinlər deyir ki, yaxınlıqda bazarlığ etmək üçün bundan başqa bazar da yoxdur.



Hazırda isə bu bazarda satıcılarda elə alıcılarda Şabran sakinləridir. Onlar özlərindən sonra zibili atmağa xüsusi bir yer, zibil qutuları tapmadıqlarına görə əraziyə tullayıb gedirlər. Şikayətçilər bazarın onlar üçün həm qiymət, həm də məkan baxımından çox əlverişli olduğunu bildirirlər. Onlarınm sözlərinə görə, ərazinin qalağlanmış zibilliklərdən təmizlənməsi üçün bazar rəhbərliyinə müraciətdə ediblər. Sözü gedən ərazinin təmizlənərək sakinlərə təhvil veriləcəyinə dair cavab alsalarda, amma heç bir iş görülməyib.



Problemin birbaşa həllinə cavabdeh olan “KALXOZ-bazarı” MMC –nin rəhbəri Vidadi Behbudov bildirdi ki, sözü gedən ərazinin bir hissəsi Şabran Bələdiyyəsinin mülkiyyətidir, həmin əraziyədə bələdiyyə cavabdehlik daşıyır. Rəhbərlik etdiyi bazarda isə satıcılardan 1-2 manat civarında yer pulu alınır. Məişət tullantılarını bazar ərazisindən daşınması üçün isə Şabran rayon “Yaşıllıq və Təmizlik” idarəsi ilə müqavilə bağlasalarda tullantılar vaxtlı-vaxtında daşınmır.



Məsələ ilə bağlı Şabran rayon İcra hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Kərimovu xidməti idarəsində tapmasaqda, şifahi olaraq bildirildi ki, bazar rəhbərliyi ilə aralarında heçbir müqavilə yoxdur, tullantıların ərazidən təmizlənməsi üçün heçbir maddi vəsait də ödənilmir. Sözü gedən əraziyə bir daha baxış keçiriləcək. Bazar rəhbərliyi müqavilə bağlayaraq “Yaşıllıq və Təmizlik” idarəsinin hesabına ödəniş edərsə sözü gedən əraziyə zibil qutuları qoyulacaq və təmizlənəcək.



Şabran şəhər Bələdiyyəsinin sədri Qəhrəman Quliyev isə məsələ ilə bağlı bildirib ki, bazar ərazisində bələdiyyə mülkiyyəti yoxdur. Həmin ərazi fərdi sahibkarlara məxsusdur. Ərazinin zibilliyə çevrilməsinə isə sakinlərin özləri səbəb olur, - deyə o əlavə edib.



Sanitar norma və qaydaların elementar tələblərinə riayət edilməyən Şabran rayonunda adiyatı qurumların bir-birlərinin üzərinə ötürərək verdikləri vədlərə inansaq, deyə bilərik ki, sakinlər bir azda səbirli olsunlar.