Keşlə qəsəbəsində sakinlərin problemləri müzakirə edilib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri ilə görüşü olub.
“zirvetv.az ” xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı şəhərinin və Nizami rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saatdan çox ayaqüstə zala toplaşan 200 nəfər Keşlə sakininin müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, inkaredilməz faktdır ki, bu gün keçmiş Sovet İttifaqının tərkibində olan 15 müttəfiq respublikadan yalnız Azərbaycanda inkişaf vardır. Torpaqlarımız azad edilib, ölkədə sabitlik hökm sürür, bütün sahələrdə inkişaf gedir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndə əvəzi Anar Ağayev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə 40 nəfərə qədər qəsəbə sakini çıxış edib.Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.