Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası təsdiqləndi

Sosial
11 Nis 2022
15:08
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

“zirvetv.az” xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Nazirlər Kabinetinə təqdim etməli və bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.