Tovuzda Novruz bayramı qeyd olundu
Tovuz şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
“zirvetv.az ” xəbər verir ki, Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olub, tədbir iştirakçılarını salamlayıblar.
Sonra meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanıb, idmançıların ifasında tamaşalar nümayiş etdirilib, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunub.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olub, şəhid ailələrini,qaziləri və sakinləri bayram münasibətilə təbrik ediblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək tovuzluları və qonaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulayıb. Qeyd edilib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruzdur.
Elə buna görə də Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Diqqətə çatdırılıb ki, bu ümumxalq bayramı ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə bu günlər ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar həyata keçirilir.
2020-ci ildə baş verən və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən sonra Xalqımız bu bayramı Qalib Xalq olaraq qeyd edir. Həmin tarixi qələbədən sonra belə bayramlarda xalqımızın sevinci birə-beş artıb.
Şənlikdə rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilib, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.