Sahil Babayev “AmCham Azərbaycan”ın prezidenti ilə görüşdü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüş olub.
“zirvetv.az ” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev biznes strukturları ilə sosial tərəfdaşlığa xüsusi önəm verildiyini, əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
S.Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.
“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatların Palata tərəfindən maraqla izlənildiyini, nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlara dair fikir və məlumat mübadilələri aparmağa, özəl sektorun təkliflərini təqdim etməyə imkan verən belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunverciliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.