Mediada ekstrasenslərin təbliği qadağan olunur

Sosial
10 Ara 2021
12:05
Azərbaycanda mediada ekstrasenslərin təbliği qadağan olunacaq.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Media haqqında hazırlanan qanunda müddəa öz əksini tapıb.

Yeni qanun layihəsinə görə, mediada parapsixologiya, ekstrasens, medium, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir Bundan başqa informasiyalarda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir.

İnformasiyaya dair digər tələblər bunlardır:

- Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;

- dövlət dili normalarına riayət edilməlidir;

- irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;

- terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;

- əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;

- şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;

- şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;

- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;

- sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;

- faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;

- parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;

- pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;

- qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;

- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;

- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.