Məktəbdə şagirdlərin iştirakı ilə çəkilən bu klip narazılıq yaratdı

Sosial
8 Ara 2021
12:28
Azərbaycanda məktəblərdən birində şagirdlərin iştirakı ilə 12 imama həsr olunan klip çəkilib.

“zirvetv.az” xəbər verir ki, ilahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahinin müəllim rolunda qatıldığı klipdə şagirdlər 12 imama mahnı oxuyurlar.

Aşağı sinif şagirdləri hərəsi bir imamın adını sadalayır, onların adı yazılan kağızları göstərirlər. Videoda ifaçının öz azyaşlı oğlu Seyyid Hüseyn də var.

Klip sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Təhsil müəssisəsində, şagirdlərin elm öyrənməli olduqları halda dini musiqi səsləndirilməsi, azyaşlıların dini təbliğat üçün istifadə olunması qınanılıb. Valideynlər Azərbaycan dünyəvi dövlət olduğunu və şagirdlərin təhsil müəssisəsində dini klipə çəkilməsi, dini təbliğata alət olmasının yolverilməz olduğunu qeyd ediblər Təhsil Nazirliyinin rəsmi səhifəsinə şikayətlər ünvanlayıblar.

Daha sonra sözügedən video Seyid Peyman Boradigahinin səhifəsindən silinib.

Faktla bağlı Təhsil Nazirliyini ilə əlaqə saxladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırılma aparılır. Nəticəsi barədə məlumat veriləcək.