Şəhriyarla Teymurdan uğurlu start

Sosial
14 Mrt 2021
11:48
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin birinci yarış günündə 5 turun oyunları keçirilib.

"Zirvetv" xəbər verir ki, turnirin ilk gününün oyunlarında hər iki şahmatçımız uğurla çıxış edib. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunda rusiyalı Daniil Dubov və amerikalı Hikaru Nakamura ilə heç-heçə edib. Dördüncü turda niderlandlı Yorden Van Forest üzərində qələbə qazanan şahmatçımız, yalnız sonuncu oyunda - fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşmada məğlub olub.

Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turda Niderland təmsilçisi Aniş Giri, argentinalı Alan Piçot, amerikalı Uesli So, ermənistanlı Levon Aronyanla qarşılaşmalarını heç-heçə başa vurub. Şahmatçımız son oyunda rusiyalı Daniil Dubovu məğlub edib.

Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.

Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.