Füzulidə körpələr evi-uşaq bağçası istifadəyə verildi
İyunun 18-də Füzuli rayonunun Arayatılı kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir olunub istifadəyə verilən 75 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.
Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ictimaiyyət nümayəndələri, valideynlər və uşaqlar iştirak ediblər. Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Onların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, əlavə olaraq musiqi otağı, tibb otağı körpə fidanların istifadəsinə verilib.
Açılış zamanı rayon rəhbərliyi və valideynlər bağçada yaradılmış şəraitlə yaxından tanış olublar. Arayatılı kənd körpələr evi-uşaq bağçasının kollektivi, valideynlər, kənd sakinləri yaradılmış şəraitə və göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.