Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır

Siyasət
14 Mrt 2023
09:41


Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.

Bugünkü müasir müstəqil, qalib Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etsə də xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yaşadı. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin zamanda Ümummilli Lider xalqının səsinə səs verdi, canından artıq sevdiyi Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında birliyə çağırdı. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını sürətləndirdi, davamlı inkişafına yol açdı.

Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qısa zamanda sabitlik diyarına çevrilən Azərbaycanda xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib- Azərbaycanı daha da gücləndirmək, qüdrətləndirmək.

Son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsini şərtləndirir. Hazırda Azərbaycanın adı dünyanın xoşbəxt, islahatçı ölkələrinin sırasında çəkilir. Son iki ildən artıqdır ki, dünya Azərbaycanın tarixi Zəfərindən və onun yaratdığı yeni reallıqlardan danışır. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan tarixi Zəfəri ilə bütün imkanlarını dünyaya nümayiş etdirdi. Ən əsası bir daha sübut olundu ki, Azərbaycan xalqı yenilməz, məğrur, öz tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Bu gün işğaldan azad edilmiş ərazilərmizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizin qürurunu yaşayır.

Uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən əsas amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir. Qürur hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq” fikirlərinin davamı olaraq bu gün xoşbəxtliyimizi şərtləndirən amillər sırasında qalib ölkənin vətəndaşı olduğumuzu deyirik.

Gülər Kərimova
​​YAP Şabran rayon təşkilatının məsləhətçisi