Vəzifə və kürsü sevdalıları, yalançı və şirin vədlərlə dolu seçkilər...”

Siyasət
11 Nis 2022
15:06
Belə bir gözəl deyim var ki, hər bir xalq və toplum layiq olduğu rəhbərlə mükafatlandırılır. Təbii ki, bu məsələdə zamanın və mövcud şərtlərin özünəməxsus rolu olmamış deyildir. Digər idarəetmə üsullarından fərqli olaraq hüquqi dövlətlərdə ədalətli və şəffaf ümumxalq səsverməsi yolu ilə rəhbərini müəyyənləşdirmək baxımından bu deyim sanki, tam yerinə düşür. Azərbaycan xalqı və Azərbaycan dövləti də bu məsələdə istisna təşkil etmir. Müstəqilliyini bərpa etdikdən sonra xalqımız da dəfələrlə belə taleyüklü seçimlərlə üz-üzə qalıb. Sevindirici hal odur ki, bu günə qədər Azərbaycan seçicisinin bu məsələdə düzgün seçimləri, səhv seçimlərindən daha çox olub. Xalqımızın ən doğru seçim etməsinin və bununla da layiq olduğu rəhbərə sahib olmasının nəticələrini bu gün də yaşamaqdayıq.

Zamanın məhvəri 2003-cü ili və 15 oktyabr tarixini göstərməkdədir. Azərbaycan xalqı və seçicisi yenə də on il əvvəlki kimi çox ciddi və taleyüklü seçimlə qarşı-qarşıyadır. Mənim özüm də, ilk dəfə bir Azərbaycan vətəndaşı kimi səs vermək və seçmək hüququnu qazandığım seçkidir. Bir tərəfdə çox şirin və əlçatmaz vədlər verən, yeganə rəqiblərindən təcrübəli olduqlarını hər addımda dilə gətirənlər, digər tərəfdə isə gənc və müasir dünya baxışlı olmasına baxmayaraq heç bir rəqibinin keçmədiyi canlı dövlətçilik məktəbi keçən İlham Heydər oğlu Əliyev. Və artıq hər birimizə məlumdur ki, mənim də çox həyəcanla ilk dəfə iştirak etdiyim həmin seçkilərdə xalqımızın seçimi nə qədər düzgün və uğurlu oldu. Azərbaycan xalqı o zaman çox böyük dövlətçilik və idarəetmə məktəbi keçmiş gəncliyə, müasirliyə və inkişafda olan dünyaya inteqrasiyaya səs verdi.Ondan sonra da, Azərbaycan seçicisi rəhbərini və bu yolla da elə özünün müqəddəratını müəyyənləşdirmək üçün 2008 və 2013-cü illərdə də eyni siyasi proseslə üzləşdi. Hər üç Prezident seçkilərində xalqımız şirin və utopik vədlərə deyil, reallığa, dövlətimizin hərtərəfli inkişafına, ordumuzun dünyanın ən güclü orduları sırasına daxil olmasına, Azərbaycanı dünyaya dəfələrlə tanıdan bir çox beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin ev sahibliyinə, Avrasiyanın nəhəng enerji layihələrindən bir çoxunun ölkəmizin müəllifliyi ilə rellaşmasına və nüfuzlu Azərbaycana səs verməkdə tam haqlı olduğunu sübuta yetirdi. Sanki, hər şey yolunda getsə də, ancaq yenə də, nəsə çatmırdı. Bütün seçkilərdə xalqımızın eşitmək istədiyi və reallaşmasını hər gün, hər saat və hər dəqiqə səbirsizliklə gözlədiyi Qrabağ adlı qara yarasının sağalacağını gözləyirdi. Bu isə hələ baş verməmişdi.

Artıq düz dörd il bundan öncəki bu gündə, yəni 2018-ci ilin 11 aprel tarixində bütün dünyanın diqqəti həm də Azərbaycan xalqının erkən Prezident seçkilərində hansı seçimi edəcəyindədir. Xalqımızın səhv etməsini və yanlış qərar verməsini istəyənlər də az deyil. Bu dəfə isə Azərbaycan seçicisi daha həssas və daha ciddi seçim qarşısındadır. Bunu sonradan baş verən proseslər də tam şəkildə aydın etdi. Azərbaycan xalqının mütləq əksəriyyətinin şəhadət barmaqları yenidən hazırki Prezident İlham Əliyevi göstərirdi, onun üzərində dururdu və səsini ona verməklə əllərini yenə ona uzadırdı! Sonradan baş verənlər göstərdi ki, bu dəfəki seçimi ilə xalqımız əzəli düşməni olan Ermənistan üzərindəki tarixi qələbəmizə, iki əsrlik torpaq itirmə ənənəsinə son qoyulmasına, qara yaramız olan Qarabağla yanaşı bütün Azərbaycanımızın Şuşa adlı tacının başımıza qaytarılmasına və ən nəhayət bütöv Azərbaycan arzusunun rellaşmasına səs verdi! Təsəvvür edək ki, real seçim qarşısında olan xalqımız vəzifə və kürsü sevdalısı olan bəzi yalançı və şirin vədlərdən başqa bizə heç nə vermək iqtidarında olmayanlara şans versə bütün bu sadalananlar reallaşmayacaq və əksinə daha çox məhrumiyyətlərlə üz-üzə qalacaqdıq. Çünki, zaman da, baş verənlər də göstərdi ki, hər şeyi nəyi, necə və nə vaxt etməyi bilən şəxsiyyət həll edir!
Hesab edirəm ki, müsəqil azərbaycançılıq tarixində Azərbaycana rəhbərlik edən şəxslər arasında həm siyasi, həm diplomatik və həm də sərkərdəlik bacarıqlarına görə Prezident İlham Əliyevin yeri əvəzolunmazdır! Çünki o bütün sələflərindən fərqli olaraq xalqımıza onun layiq olduğu zəfəri, qalibiyyəti, qüruru və bütövlüyü yaşatdı. Bu gün dünyada baş verən təlatümlü proseslər bir daha sübut edir ki, dövlətin başçısı təkcə siyasi lider deyil, o həm də ordusunun Ali Baş Komandanıdır. Ancaq, Ali Baş Komandan olmaq heç də döyüşə tələsmək və ölkəsini də, xalqını da qırğına vermək bahasına olsa belə qəhrəmanlıq qazanmaq anlamına gəlmir. Əksinə, ölkəsinin siyasi və diplomatik lideri olduğunu unutmayıb bütün baş verən prosesləri ən güclü riyazi dəqiqlik və məntiqi bacarıqla hesablayıb sona qədər gözləmək və lazım olan anda hücuma keçmək lazımdır. Azərbaycanın timsalında baş verənlər bir daha göstərdi ki, hətta bu gözləmə mövqeyi otuz il də davam edə bilər, əsas odur ki, nəticəsi arzuladığın qələbə ilə bitsin. Çünki qalibləri mühakimə etmirlər, o ki qala o qalib həm də haqlı olsun.

Azərbaycan xalqının bu illər ərzində etdiyi seçimlərdə haqlı olduğunu sübuta yetirdiyi kimi, Prezident İlham Əliyevin də, Azərbaycanın ən ümdə problemini həll etməkdə nə bir gün tez, nə də bir gün gec addım atmadığını sübuta yetirməsi bir daha onun nəyi, necə və nə vaxt etməli olduğunu bilən “dəmir yumruğ”un ən mahir idarəedicisi olduğunu isbatladı. Uca Tanrı düzgün seçim edən xalqımızı və onun rəhbərini qorusun!

Xəyal Bəşirov,

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi.