Prezidentin tapşırığı ilə Ukraynaya növbəti yardım göndərildi

Siyasət
12 Mrt 2022
14:20
Bu gün Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilib.

“zirvetv.az ” Trend-ə istinadən xəbər verir ki, humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.

380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım martın 12-də yola salınıb.

Ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində - fevralın 27-də göndərilib.