Bu il Azərbaycan üçün necə yadda qaldı?

Siyasət
30 Ara 2021
08:02
Milli Məclisin deputatı Cavid Osmanov diplomatik və daxili siyasətdə 2021-ci ilin ölkəmiz üçün necə keçdiyini qiymətləndirib.

Deputat “zirvetv.az _a"açıqlamasında 2021-ci ili Azərbaycan dövləti və xalqı üçün çox uğurlu bir il olduğunu deyib:

Azərbaycanın 2021-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlara imza atması açıq şəkildə görünməkdədir. Bu sırada ilk növbədə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində diplomatik uğurlarını qeyd etməliyik. Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyein rəhbərliyi ilə tarixi qələbə qazandıqdan sonra bölgədə yeni reallıqlar yarandı. Bu reallıqlara uyğun olaraq, 2021-ci ildə Azərbaycan yeni uğurlara imza atmış oldu.

Birincisi, onu qeyd etmək lazımdır ki, məhz 2021-ci ildə istər 11 yanvar, istərsə 26 noyabr tarixində Soçidə keçirilmiş üçtərəfli görüş, istərsə də 14 və 16 dekabr tarixində Brüsseldə keçirilmiş Şərq tərəfdaşlığı Zirvə görüşü və bu görüşlərin nəticələri olaraq səsləndirilmiş bəyanatlar birmənalı olaraq Azərbaycanın diplomatik uğurları kimi qiymətləndirilməlidir. Çünki bu görüşlərdə sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələlər, o cümlədən, böyük sülh müqaviləsinin imzalanması istiqamətində çox böyük addım atılmış oldu. Artıq Dağlıq Qarabağ, status-kvo kimi anlayışların siyasi leksikondan çıxarılması və bu bəyanatlarda öz əksini tapmaması çox böyük uğur kimi qiymətləndirilməlidir.
2021-ci ildə Azərbaycanın növbəti dəfə Qoşulmama Hərəkatına rəhbərlik etməsi ilə bağlı təşəbbüslə çıxış edildi və bu qəbul edildi. Bu il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüs edildi. Bu təşəbbüs də 2021-ci ildə artıq reallığa çevrildi. Eyni zamanda, Aşqabadda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də ölkəmiz üçün ən vacib addımlardan biri idi. Burada da qəbul olunan qərarlar, yekun imzalanmış sənəddə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin yaxından dəstəyinin göstərilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı maddənin təsbit olunması növbəti uğurlardan biridir.
Növbəti uğurumuz Türk dövlətləri Təşkilatının yaranmasıdır. 44 günlük Vətən müharibəsində ölkəmizin uğur qazanmasını nəzərə alaraq cənab İlham Əliyevin ordenlə bu tədbirdə mükafatlandırılması çox mühüm tarixi hadisələrdən biridir. Digər tərəfdən əlbəttə ki ölkəmizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Covid-19-a qarşı tədbirlərdə birgə fəaliyyət göstərməsi və nəticədə vaksinlərin ölkələr və xalqlar arasında ədalətli paylanması ilə bağlı təşəbbüsünün BMT-yə üzv ölkələr tərəfindən yüksək qiymətləndirilməsi və bununla bağlı Zirvə Görüşünün keçirilməsi, yekun qətnamənin də qəbul olunması da Prezident tərəfindən qlobal məsələlərdə təşəbbüslərimizin birmənalı olaraq dəstəklənməsi Azərbaycan Prezidentinin bir daha dünya miqyasında liderlik keyfiyyətindən xəbər verir”.

Deputatın sözlərinə görə, 2021-ci ilin ən böyük uğurlarından biri də işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinin həyata keçirilməsidir ki, bu da böyük qayıdışa hesablanmış nailiyyətdir:

“Bir il ərzində Vətən müharibəsi bitdikdən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük bərpa işləri aparır. Məsələn, Füzuli Beynəlxalq Hava limanının açılmasını qeyd edə bilərik. Avtomobil və dəmir yolu xətlərinin çəkilməsi, elektrik enerjisi təminatı, bütövlükdə infrastrukturun tarixi və mədəni abidələrimizin bərpası istiqamətində addımların atılması, Baş Planların təsdiq edilməsi və. s. Bütün bunların hamısı Böyük Qayıdışın tərkib hissəsidir. Bu da 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində mühüm bir addımdır.

Növbəti uğurlu addım Zəngəzur dəhlizinin artıq bir reallığa çevrilməsidir. Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın bir hissəsini coğrafi baxımdan birləşdirən bir dəhlizdir. Eyni zamanda, bir çox ölkələr artıq Zəngəzur dəhlizinin reallığa çevrilməsinin tərəfdarıdır. Bu böyük iqtisadi əhəmiyyəti ilə yanaşı, eyni zamanda bölgədə sülhə, əmin-amanlığa töhvə verəcək böyük bir hadisədir.

2021-ci ilin 15 iyun tarixində Azərbaycanla qardaş Türkiyə arasında Şuşa bəyannaməsi imzalandı. Bu bəyannamə iki ölkə arasında qardaşlığın istiqamətində atılmış növbəti bir uğurdur. O cümlədən, bu sıraya Bakı Bəyannaməsini də əlavə etmək olar.

Prezident tərəfindən dekabr ayında imzalanan sərəncamları da qeyd etmək olar. Bu sərəncamlar Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətinə yönəlib. Prezidentin yürütdüyü siyasətin mərkəzində hər zaman vətəndaş amili dayanır. Bir sözlə, 2021-ci il ölkəmiz üçün ən uğurlu illərdən biri kimi artıq tarixə qovuşur”.