Mehriban Əliyevanın fəaliyyəti humanizm meyarına söykənir

Siyasət
26 Ağu 2021
08:52
Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü rolunu oynayır, həyata keçirdiyi layihələri, irəli sürdüyü təşəbbüsləri ilə bu körpünün daha da möhkəmlənməsinə töhfələr verir. Hər bir dövləti, xalqı dünyada tanıdan siyasəti ilə yanaşı, zəngin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və dilidir”.

“zirvetv.az Mehriban Əliyevanın fəaliyyəti humanizm meyarına söykənir” xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Mərhəmət, humanizm, dövlətə və xalqa xidmət nümunəsi” sərlövhəli məqaləsində bildirib.

O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən dünyada sülhün qorunmasına, sivilizasiyalararası dialoqa töhfələri xüsusi qeyd olunmalıdır:

“Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və İCESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur.

Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər reallaşdırılmışdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.

Heydər Əliyev Fondunun loqosuna diqqət yetirməklə məqsəd və məram özünü aydın şəkildə ifadə edir. Göy və qızılı rənglər qurumun fəaliyyətinin təqdimatıdır. Səmanı, demokratiyanı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə Günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir. Hər iki rəng ümummilli lider Heydər Əliyevin istək və arzularının ifadəçisidir. Hər zaman Azərbaycanı sabit, inkişaf, tərəqqi yolunda görmək istəyən ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirdikdə bu günümüz üçün gördüyü işlərin miqyasının nə qədər böyük olduğunu görürük.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan qısa müddətdə dahi şəxsiyyətin ən böyük arzusu olaraq dünyaya günəş kimi doğdu.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm məqsəd kimi qoyan Ümummilli Liderin gərgin səyləri nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. Mehriban xanım Əliyeva bildirir ki, Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti ilə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir.

Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edib, eyni zamanda, belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir.

UNESCO ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə qurumun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun davamlı və ardıcıl səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Muğamın, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Onu da qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edildi.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yeni hədəflərə doğru inamla irəliləməsinə töhfələrini də qeyd etməliyik. Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyası bu il martın 5-də VII qurultayını keçirdi. Qurultay yeni qərarlarla, struktur dəyişikliklərlə, yeni tərkibin formalaşması ilə tarixə yazıldı.

Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın amalı, fədakarlığı, ictimai- siyasi mövqeyi hər kəs üçün nümunədir, örnəkdir. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim inamla addımlayır və məsuliyyətin uğurların davamlılığında əsas rol oynadığını təsdiqləyir.

Artıq iki ilə yaxındır ki, dünya, o cümlədən ölkəmiz COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuşdur.

Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirildi. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edildi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa bütün müraciətlərində COVID-19 kimi qorxulu hekayənin başa çatacağına inam ifadə edilməklə yanaşı, buna əsas verən əminlik də diqqətə çatdırılırdı: «Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Azərbaycan 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Tarixi Zəfərimiz ölkəmizin qarşısında yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın son 9 ayda dəfələrlə işğaldan azad edilmiş ərazilərimizə səfərləri bu sevincin xalqımızla bölüşmək istəklərini nümayiş etdirir. Prezident İlham Əliyevin hər vədini konkret əməli ilə təsdiqləməklə yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməsindən keçirdiyi xoşbəxtlik hissi hər bir çıxışında, xalqa müraciətlərində xüsusi yer alır. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın bütün sahələrdə inkişafı, dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi istiqamətində atdığı addımlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər liderliyini uğurla tamamlayır. Mehriban xanım Əliyevanın 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən yeganə arzusu bu oldu: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!". Mehriban xanım eyni zamanda, bildirirdi ki, Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə «İki sahil»in kollektivi adından ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, Azərbaycanın davamlı inkişafının, xalqın yüksək rifahının təmin edilməsi istiqamətində atdığı addımlarda, humanist təşəbbüslərinin gerçəkləşdirilməsində daha möhtəşəm uğurlar diləyirik.

Doğum gününüz mübarək!

Tanrı Sizi qorusun, Mehriban xanım