Azərbaycan torpaqlarının işğalı faktı beynəlxalq qurumlar tərəfindən təsdiqlənib”

Siyasət
29 Nis 2021
08:46
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və beynəlxalq hüquq normalarını pozması beynəlxalq qurumlar tərəfindən təsdiqlənib.

“zirvetv.az ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Mustafa Şentop Türkmənistan parlamentinin təşəbbüsü ilə videokonfrans rejimində təşkil olunmuş “Beynəlxalq sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərin rolu” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanı düşünülməmiş hərəkət edən və Azərbaycan və bütövlükdə region üçün risk və təhlükə yaradan dövlət kimi qəbul edir.

“Türkiyənin Azərbaycana dəstəyi yalnız iki ölkənin dostluğunun və qardaşlığının göstəricisi deyil, həm də regional sülhə təhdid fonunda Bakının mövqeyinə haqq qazandırdığının göstəricisidir”, - Şentop vurğulayıb.

Şentop bildirib ki, Türkiyə digər ölkələrin təhlükəsizliyinə töhfə verməyə, beynəlxalq aləmdə sülh və sabitlik uğrunda mübarizə aparmağa hazırdır.

Türkiyə parlamentinin spikeri qeyd edib ki, Ankara regionda və dünyada münaqişələrin həllinə dair təşəbbüsləri həyata keçirə bilər.

“BMT-nin və regional təşkilatların potensialın artırılması səylərinə yardım etməklə yanaşı, ayrı-ayrı dövlətlərlə ikitərəfli proqramlar həyata keçirilir, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanır. Türkiyə əməkdaşlıq üçün açıqdır”, - Şentop əlavə edib.