Azərbaycanın xarici dövlət borcunun valyuta tərkibi açıqlandı

İqtisadiyyat
14 Ağu 2023
19:22
İyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları və ya 2023-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 10 faizini təşkil edib.

“zirvetv.az” xəbər verir ki, bu haqda Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalıb.

Hesabat dövrünə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 88 faiz, avro – 5,2 faiz, yapon yeni – 2,8 faiz, digər valyutalar – 0,6 faiz.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 42,4 faizini, sabit dərəcə ilə olanlar isə 57,6 faizini təşkil edib.

Xarici dövlət borcunun 49,4 faizi 5 ilə qədər olan müddətdə, 42,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.