Bu məhsulların qiyməti artacaq, 45 milyon insan aclığa məruz qalacaq”

İqtisadiyyat
14 Mrt 2022
14:03
Bloomberg news” bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq. Belə ki, bu iki ölkə dünyanın əsas taxıl ixracatçısıdır. İnsanların enerji tələbatının 40%-i də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir. Nəticədə dünyada bu məhsulların qiyməti təxminən 22% artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq”.

“zirvetv.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Ərəstun Oruclu yazıb. O qeyd edib ki, dünyada eyni zamanda silahlanma ilə bağlı xərclər də artacaq: “Ürəkaçan proqnoz deyil, əlbəttə. Başqa bir təhlükə isə silahlanmaya xərclərin artacağı tendensiyasıdır. Ukrayna böhranınadək müdafiə sahəsinə ÜDM-in 1,3%-ini xərcləyən Almaniya bu rəqəmi 2%-ə qaldırıb. Əvvəl 70 mlrd avro təşkil edən hərbi büdcə gələn il 100 mlrd Avroya çatdırılacaq. Bu da öz növbəsində sosial xərclərin azaldılması deməkdir. Bu arada Çin-ABŞ münasibətləri də əvvəlki qədər hamar görünmür. Rusiyanın Pekindən silah və hərbi sursat istəməsinə ABŞ ani reaksiya verib. Çinə bu addımı atacağı halda adekvat addımlarla üzləşəcəyi barədə xəbərdarlıq olunub. Buraya Səudiyyə Ərəbistanı şahzadəsinin və Dubay əmirinin ABŞ Prezidenti ilə telefon danışıqlarından imtina etməsini əlavə etdikdə gərginliyin coğrafiyasının bir qədər də genişləndiyini görürük”.

Ə. Oruclunun sözlərinə görə, İranın İraq Kürdüstanındakı ABŞ konsulluğunu raket atəşinə tutması və digər məsələlər də proseslərin yüksələn xətlə inkişaf etdiyini göstərir: “Təbii ki, müsbət heç bir şey vəd etməyən xətlə. İndi sual budur ki, növbəti mina harada və hansı gücdə partlayacaq: Yaxın Şərqdə, Avropada yoxsa Uzaq Şərqdə? Belə minaların sayı isə lazım olduğundan dəfələrlə çoxdur. Hələlik isə Rusiya Ukrayna cəngəlliyində çapalamaqdadır”.