12 məktəbli tələbə olmaq arzusuna indi daha yaxındır

İqtisadiyyat
1 Mrt 2022
11:21
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) yenidən “Gələcəyini Qur” təşəbbüsünə qoşularaq gənclərin bacarıq və biliklərini artırmaqla onların sosial inkişafı üçün imkanlar yaratmaqda davam edir. Bu layihə çərçivəsində Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək verir.

Layihə iştirakçıları 11-ci sinif şagirdlərini, eləcə də fiziki məhdudiyyəti olan və yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb məzunlarını əhatə edir. Dərslər vasitəsilə qəbul imtahanına hazırlıqları təşkil etmək və müxtəlif növ sosial fəaliyyətlərdə iştiraklarını təmin edərək cəmiyyətə inteqrasiyaya köməklik göstərmək “Gələcəyini Qur” layihəsinin əsas iki məqsədidir.

Bu ilki layihədə VŞQ Bakının Sabunçu rayonundan olan 12 şagirdə dəstək olacaqdır. Məktəblilərə universitetə hazırlıqla yanaşı, sağlam həyat tərzi ilə bağlı faydalı alışqanlıqların yaradılması da layihənin fəaliyyətinə daxildir. Veysəloğlu Şirkətlər Qrupunun ötən illər ərzində sponsorluq etməsi sayəsində Bakıda və regionlarda yaşayan 40-dan çox gənc ali məktəbə qəbul olmaq imkanından faydalanıb.

Korporativ Sosial Məsuliyyət siyasətində təhsilə dəstək istiqamətində bir çox faydalı layihədə yer alan Veysəloğlu Şirkətlər Qrupu növbəti illərdə də bu təşəbbüsü dəstəkləməyi planlayır.

19 minə yaxın insanın iş yeri olan Veysəloğlu Şirkətlər Qrupu istehsal, distribusiya, logistika, pərakəndə satış daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir.