Belarusa qarşı sanksiyalar cavabsız qalmayacaq” - Qolovçenko

İqtisadiyyat
23 Haz 2021
11:14
Belarusa qarşı sanksiyalar cavabsız qalmayacaq.

“zirvetv.az” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Roman Qolovçenko bildirib.

“Biz xəbərdarlıq edirdik ki, sanksiyalar cavabsız qalmayacaq. İndi müvafiq xidmət vətəndaşlarımıza və müəssisələrimizə qarşı sanksiyaların mətnini öyrənir. Bizim hazırladığımız və haqqında tərəfdaşlarımıza siqnal verdiyimiz paketdən ən adekvat cavab tədbirləri seçirik. Düşünürəm ki, bu qərarları qəbul edəcəyimiz vaxt uzaqda deyil”, - o deyib.

Qolovçenko bildirib ki, sanksiyaların tətbiqi Avropa İttifaqının Belarusa qarşı siyasətini diskreditə edəcək.

“Bununla yanaşı, “Belarus xalqı naminə” missiyanı bəyan etmək ən azından həyasızlıq və prinsipsizlikdir. Bir baxın, bizim müəssisələrə qarşı tətbiq olunan sanksiyalar nə ilə əsaslandırılır. Məsələn, “MAZ” ASC-yə qarşı iqtisadi sanksiyalar ölkə Prezidentinin onu aparıcı maşınqayırma müəssisələrindən biri adlandırması əsasında, “BelAZ” ASC-yə qarşı isə - dövlət başçısının onu Belarusun milli sərvəti və brendi adlandırmasına görə tətbiq edilir. Və buna görə bu müəssisələr iqtisadi cəzaya layiqdirlər?”, - Baş nazir gileylənib.

“Biz yaşamağa davam edirik, işləyirik. Bizim kifayət qədər ehtiyatlarımız və resurslarımız var, biz bu şəraitə çoxdan hazırıq”, - Qolovçenko vurğulayıb.