Kapitoliyə basqın nəticəsində dəymiş ziyan açıqlandı
ABŞ Ədliyyə Nazirliyi bu ilin yanvarında Donald Tramp tərəfdarlarının Kapitoliyə basqını nəticəsində dəymiş ziyanın 1,5 milyon dollar məbləğində qiymətləndirib.
Bu barədə “zirvetv.az ” “The Washington Post” qəzetinə istinadən xəbər verir.
Onun məlumatına görə, zərərin qiymətləndirilməsi iğtişaş iştirakçılarına aid olan işlərdən birinin məhkəmə sənədlərində əks olunur. İttiham tərəfi bu məbləği müttəhimlərdən almaq niyyətindədir: az ağır cinayətlərin törədilməsində təqsirli bilinənlərdən 500 dollar, daha ağır maddə ilə ittiham olunanlardan isə 2 min dollar.
Nəşr qeyd edir ki, bu məbləğin hesablanma prinsipi tam aydın deyil. Kapitolinin baş memarının nümayəndələri ABŞ Ədliyyə Nazirliyinə zərərin qiymətləndirilməsini təqdim etdiklərini təsdiq ediblər, bu da qurumun hesablamasının əsasını təşkil edib.
Amerika hökumətinin bildirdiyinə görə, Kapitoliyə hücum nəticəsində tarixi dəyərə malik incəsənət əşyaları və mebel zədələnib. XIX əsrin qızıl aynası və bir çox pəncərə və qapılar sındırılıb.