Xaçmazda “Şahin” hərbi-idman oyunu üzrə rayon mərhələsi keçirilib

İdman
19 Nis 2023
13:31



"ZirveTv" xəbər verir ki, Xaçmaz rayon Olimpiya İdman Kompileksində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon bölməsinin və FHN –nin Şimal Regional Mərkəzinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz sektorunun birgə təşkilatçılığı ilə tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib.



Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən tərtib edilmiş Əsasnaməyə uyğun olaraq təşkil olunan yarış gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərbi və fiziki hazırlığının yüksəldilməsi, hərbi-idman oyunları vastəsilə gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb.



Rayon birinciliyində şəhər və kənd tam orta məktəblərin komandaları mübarizə aparıb. Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçı komandalara yarışın məqsədləri haqqında məlumat verilib. Daha sonra komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, mülki müdafiə hazırlığı və digər mərhələlər üzrə yarışıblar.



Ən yüksək nəticə göstərən şəhər 9 saylı tam orta məktəbin komandası I yeri tutaraq yarışın qalibi olub. Şəhər 2 saylı tam orta məktəbin komandası II, Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına məktət- liseyin komandası isə III yeri tutub.



Yarışda yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər. I yeri tutan şəhər 9 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.

Gül AsimanNur