Teymur Rəcəbov yarımfinalda

İdman
28 May 2021
08:21
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin “The FTX Crypto Cup” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinala vəsiqə qazanıb.

"Zirvetv.az " xəbər verir ki, şahmatçımız 1/4 finalın cavab matçında niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Dörd partiyadan ibarət matçın bütün oyunları heç-heçə başa çatdığından matçda bərabərlik qeydə alınıb. Bununla da dünən keçirilmiş birinci matçda 2,5:1,5 hesabla qələbə qazanmış T.Rəcəbov qalib elan olunaraq yarımfinala vəsiqəni təmin edib.

1/4 final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşmaları davam edir.

Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində “bitcoin” olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.