Dörd nəfəri öldürmüş şəxsin vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar - YENİLƏNİB TƏFƏRRÜATI

Hadisə
3 Ara 2022
17:35
Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı cinayət işində daha bir təfərrüat ortaya çıxıb.

Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar.

Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.

Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.

Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.

Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.

Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib.

Qeyd edək ki, Fuad Cəlilzadə kənddə heyvandarlıqla məşğul olub.

***10:09

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsinin bəzi təfərrüatları üzə çıxıb.

Tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Xatırladaq ki, 27 yaşlı Fuad Cəlilzadə düşmənçilik zəminində ailənin 4 üzvünü - Quliyev Nadir Cümşüd oğlu, Quliyeva Tərgül Sərxan qızı, Quluzadə Amin Nadir oğlu və Quluzadə Xəyal Nadir oğlunu qətlə yetirib.