Vilyam Hacıyev qanunsuz silah saxlamaqda da ittiham olunur
İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin daha bir cinayət əməlində təqsirli bilindiyi üzə çıxıb.
"Zirvetv.az " xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində V.Hacıyevin cinayət işi üzrə keçirilən prosesdə bildirilib.
İttihama aktına görə, Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.
Qeyd edək ki, prosesdə vəkilləri Vilyam Hacıyevin ev dustaqlığına buraxılması, onun proseslərdə onlayn qaydada iştirak etməsi ilə bağlı vəsatət veriblər. Müdafiəçilər bildirib ki, V.Hacıyev bir müddət əvvəl əməliyyat olunub, ağır xəstəlikdən əziyyət çəkir. Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib