Lüdvik XTQ əsgərini öldürdüyü gün saxlanılıb

Hadisə
9 Haz 2021
16:52
Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən və bəzilərini qətlə yetirən Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin törətdiyi cinayətlərlə bağlı detallar məlum olub.

“zirvetv.az ” xəbər verir ki, bugünkü məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. İttiham aktına əsasən, Lüdvik Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb.

Xosrovyan bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nayihəsinə ağır zərbələr yetirib və onu işgəncələrə məruz qoyub.

L.Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində - Murovdağda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orada ona işgəncələr verib, onu ağır fiziki işlərə cəlb edib və ac-susuz saxlayıb.

A.Xosrovyan bir qrup erməni ilə Ağdamın Cəbrayıllı kəndində əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüb, qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılarkən ona dəmir və taxta parçaları ilə xəsarətlər yetirərək ac-susuz saxlayıb.

A.Xosrovyan Ağdamda 1994-cü ildə əsir düşən Hüseynov Cavid Alı oğlunun qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında işgəncələrə məruz qoyub və onu şaxtalı havada qarın altında saxlayaraq baş və göz nayihəsinə ağır zərbələr vurub. Bununla da C.Hüseynov gözlərinin ikisinin də görmə qabiliyyətini itirib.

A.Xosrovyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən Babayev Kamil İdris oğluna qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə ac-susuz vəziyyətdə mütəmadi xəsarətlər yetirib.

A.Xosrovyan Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində saxlayaraq müxtəlif alətlərlə döyərək ona xəsarətlər yetirib.

L.Mkrtçyan erməni qruplaşması ilə birlikdə 1994-cü ildə Füzulidə yaralanaraq əsir düşən Həsənov Zahidi qanunsuz olaraq saxlanıldığı əsirlik dövründə ağır işgəncələrə məruz qoyublar və ona xəsarətlər yetiriblər. Onlar qış aylarında qanunsuz olaraq saxlanılan əsirin üzərinə soyuq su tökərək onu döyüb və ac saxlayıblar.

1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb, onu yumruq və təpiklə döyərək siqaret kötüklərini bədənində söndürüb və ağır işgəncəyə məruz qoyub.

Mkrtçyan 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşən İslamova işgəncələr verib, onu Ermənistan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.

Azərbaycanlılara işgəncə verən L. Mkrtçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna da işgəncələr verib. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu vurub, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.

Lüdvik Mkrtçyan 2016-cı ildə aprel ayında olan döyüşlər zamanı da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib. 2020-ci il başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub.

O, 2020-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı bölmələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib. Həmin gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.