Oğlunun ilk dərs günü şəhid xəbəri gəldi - VİDEOREPORTAJ

Gündəm
26 Eyl 2022
16:16
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan zabitlərimizdən biri də Elnur Səmədovdur.

"Unikal"ın əməkdaşları Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Elnur Səmədovun ailəsinə baş çəkib. Şəhidimizin həyat yoldaşı Aynur Səmədova bildirib ki, Elnur hər zaman ailəsinə diqqət və qayğı göstərib:

"Tez-tez övladını şəhidlər xiyabanına aparır, orada dəfn olunan döyüş yoldaşları barədə oğlumuz Cahidə məlumat verirdi. Sanki oğlumuzu bu günə hazırlayırdı. Deyirdi ki, zamanı çatanda atan da burada olacaq".

A.Səmədova söhbətimiz zamanı qeyd edib ki, Elnurun şəhid xəbərini övladı Cahidin ilk dərs günü alıblar.

Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri və Vətən müharibəsində də savaşmışdı. O, 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.