Qaziyə niyə 2 ildir əlillik təyin edilmir? - Rəsmi açıqlama
İkinci Qarabağ müharibəsindən iki il keçməsinə baxmayaraq mənə əlillik təyinatı verilməyib. Sadəcə 80 manat müharibə veteranı pulu alıram və bu məbləğ ailəmi, övladlarımı saxlamağa bəs etmir”.
Bu şikayətlə “zirvetv.az”a Biləsuvar rayonu, Dəvrişli kənd sakini, ikinci Qarabağ müharibəsi qazisi Səxavət Abasov müraciət edib.
Vaxtilə MAXE işləyən 30 yaşlı qazi deyir ki, indi çalışa da bilmir: “2019-cu ildən ordu sıralarında MAHHXHQ kimi xidmətə başlamışam. 2020 ci il sentyabrın 27-də müharibəyə qatılmışam. Çoxlu düşmən texnikasını və canlı qüvvəsinin zərərsizləşdirilməsində əməyim olub. Oktyabrın 18-də düşmənin atdığı 120 mm-lik minaatan mərmisinin yanımda partlaması nəticəsində xəsarət aldım. İlkin tibbi yardım alaraq yenidən döyüşlərə qatıldım. Bundan sonra yanımda içi mərmi ilə dolu maşın partladı. İstiqamətimiz Xocavənd rayonu idi. Gecə qaranlıqda yola çıxdıq. Bu zaman maşınımız aşdı. Bütün bunlar başımda dözülməz ağrılar yaratdı. 44 günlük müharibədən sonra məni hospitala təxliyə etdilər. Dəfələrlə SQBKH-də müalicə aldım, lakin heç bir nəticə vermədi. Bununla da məni ordu sralarından təxris etdilər. Bundan sonra da müalicələrim davam etdi, amma yenə bir nəticə olmadı”.
Qazi bildirir ki, aldığı xəsarətlər nəticəsində vəziyyəti acınacaqlı durumdadır: “İyulun 15-i beynə qan işləməməsi, başgicəllənmə, gözqaralma, qan təzyiqimin düşməsi səbəbilə təcili tibbi yardım maşını ilə Biləsuvar Rayon Xəstəxanasına çatdırıldım. Vəziyyətim elə haldadır ki, dolana da bilmirəm. İşləmirəm, əlillik də verilmir. Düz iki dəfə imtina gəlib. 80 manat veteran pulu ilə necə ailə saxlayım? Müvafiq qurumlar da bir-birinin üzərinə atmaqla məşğuldur. Zəng etmişəm BTK-ya. Deyirlər ki, bizə sənəd gəlib çıxmayıb. Sonra zəng eləmişəm Maştağaya, deyirlər, biz sənədi göndərmişik Salyan Psixatriya xəstəxanasına. Ordan da deyilir ki, göndərmişik Biləsuvar xəstəxanasına. Yəni əlillik təyinatımın verilməsində çox böyük problemlər yaradırlar. Aldığım 80 manat da ancaq yollarda gedir”.Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Vətən müharibəsi iştirakçısı Abasov Səxavət Hidayət oğlu, əlilliyinin qiymətləndirilməsi məqsədilə 02.03.2022-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Müəyyən edilib ki, S.Abasovun sağlamlıq vəziyyəti əlillik təyinatına uyğun deyil. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq vətəndaşa imtina qərarı verilib. Hazırda isə vətəndaşla bağlı yeni göndəriş rəsmiləşdirilməyib. Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq onun əlilliyinin təkrar qiymətləndirilməsi aparıla bilər”.