Bakı sakini: "Gömrükdə zorakılıq tətbiq etdilər, telefonlarımı əlimdən aldılar"

Gündəm
4 May 2022
12:24
Hüquqşünas: “Vətəndaşa qarşı belə münasibət qanunsuz və izaholunmazdır”
Bakı sakini Baba Babayev aprelin 27-də Dubaydan Tbilisiyə tranzit uçarkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Gömrük İdarəsində saxlanılıb.Dediyinə görə, Tbilisiyə apardığı 18 ədəd telefonu və başqa əşyaları müsadirə olunub.
Bildirib ki, ona gömrükdə fiziki güc tətbiq edilib:
“Onun 9 ədədi “iPhone 13 Pro”, 9 ədədi “iPhone 13 Pro Max”, 14 ədəd qol saatı, 7 ədədi “Amazing GT pro”, 7 ədədi “Amazing GT 3” olmaqla məndən qanunsuz olaraq alındı. Əl yükümü və məni gömrük işçiləri güc tətbiq etməklə ölkə ərazisinə gətirdilər. Mən və Dövlət Sərhəd Xidmətinin əməkdaşı onlara dedik ki, tranzitəm, hətta sərhədçiyə: “Sən qələtini elə, rəhbərlik belə göstəriş verib”, – deyə cavab verdilər”.
B.Babayevin sözlərinə görə, ona güc tətbiq edənlər tapşırığı yuxarıdan aldıqlarını deyiblər:
“Hava limanının Orxan adlı növbətçisi dedi ki, biz fəhlələrik, əmrə müntəzirik, nə əmr edirlər, yerinə yetiririk, vəssalam”.13 ildir ki, heç bir ölkəyə getməyən Baba Babayev göstərilən tarixdə saat 16:00-dan 18:00-dək olan müşahidə kameralarının lent yazılarının alınmasını tələb edir:
“O zaman açıq-aşkar görünəcək ki, gömrük əməkdaşları məni necə zorla, öz iradəmin əleyhinə, fiziki və psixoloji təzyiqlərlə tranzit ərazidən aparır və məcburi ölkəyə giriş etdirir. Halbuki 0771J2635502 saylı yükün təhvil alınması barədə sənəddən görünür ki, Dubayda təhvil verilmiş yükün Tbilisidə alınması qeyd edilib”.
B.Babayev Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edib.
O, mallarının dərhal qaytarılmasını və Tbilisiyə aparmağına şəraitin yaradılmasını xahiş edir:
“Öz vəzifə səlahiyyətlərini aşan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən Dövlət Gömrük Komitəsinin əməkdaşları barədə cinayət işinin başlanılmasına göstəriş verəsiniz”.
Hüquqşünas Ruslan Əliyev bildirib ki, gömrük işçiləri hər hansı yerli və yaxud xarici ölkə vətəndaşını əməliyyat məlumatı aldıqda yoxlaya bilərlər, amma adi qaydada yoxlanılsa da, əsas olmalıdır: “İkinci, Baba Babayev özü bəyannamə verməyə razı olmuşdusa, onu yoxlamalıydılar. Üçüncü, gömrük əməkdaşları yoxlayanda gömrüklə bağlı rəsmiləşmə gedə bilər. Ən əsası o, Gürcüstanda bəyannamə verə bilər, Bakıda ona tranzit möhürü vurub yola salmalıdırlar. Azərbaycana qarşı Avropa Məhkəməsində buna oxşar bir şikayət də var. Demək, xarici vətəndaşın pulunu almışdılar, o da şikayət etmişdi. Bir daha deyirəm; hava limanında hər bir adamı yoxlamaq olar, ancaq əsas göstərməlisən, yəni sübut edilməlidir ki, real cinayət yoluyla gətirdiyi mal müsadirə edilir. Vətəndaşa – Baba Babayevə qarşı belə münasibət isə qanunsuz və izaholunmazdır”.
R.Əliyevin sözlərinə görə, əgər adamı cinayət tərkibinə görə saxlayıblarsa, əməliyyat qərarı olmalıydı: Bu da yalnız İnterpol və Dövlət Təhlükəsizlik Xidmətindən məlumat daxil olubsa, müvafiq qurumu məlumatlandırırlar və qərar verilir. Ən əsası bu iş məhkəməyə getməlidir və məhkəmə qərar verməlidir, düzdür, məhkəmədən kənar da operativ müdaxilə edirlər. Amma yenə qərarla olmalıdır”.Dövlət Gömrük Komitəsindən bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır.