TEKNOFEST Azərbaycan” festivalının bağlanış mərasimi keçirildi

Dünya
30 May 2022
08:29
Mayın 29-da Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimi keçirilib.

"Zirvetv.az" xəbər verir ki, mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev son 4 gündə çox həyəcanlı, sevinc dolu hisslər yaşanıldığını deyib: "Bu günlərdən özümüzlə qürur hissi, gələcəyə olan inam hissi aparırıq. Bu festival bizə Azərbaycan gəncliyinin gücünü, biliyini bir daha göstərdi. Dövlətimizin başçısının diqqət və qayğısı sahəsində belə bir festivalı ərsəyə gətirdiyimiz üçün çox xoşbəxtik. Prezident İlham Əliyev başda olmaqla festivalda iştirak edən hər kəsə təşəkkür edirik".

Daha sonra "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edib.

"Həyatımıza məna qatan "TEKNOFEST Azərbaycan"ın sonudur. Festival yekunlaşdığı üçün təəssüflənsək də, qardaşlığımız davam etdiyinə görə xoşbəxtik", - deyə "Baykar"ın texniki direktoru vurğulayıb.

Gələcəkdə "TEKNOFEST"in yenidən Bakıda, Şuşada keçiriləcəyini bildirən S.Bayraktar bildirib ki, festivalda qazanılan təcrübələr Azərbaycan gəncliyinin gələcəkdə rəhbəri olacaq, gənclər bu istiqamətdə öz fəaliyyətini bundan sonra da davam etdirəcəklər.

"Dünən Azərbaycanın Müstəqillik Gününü qeyd etdik. Bu gün də İstanbulun fəthinin 569-cu ildönümüdür. Bütün şəhidlərimizi rəhmətlə anırıq, ruhları şad olsun", - deyə S.Bayraktar söyləyib.

O diqqətə çatdırıb ki, növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək.