Britaniya Ukraynaya dəstəyi davam etdirəcəyini açıqladı

Dünya
17 Nis 2022
05:18
Rusiya Böyük Britaniya siyasətçilərini “qara siyahıya” saldıqdan sonra London Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib.

"Zirvetv.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniya hökumətinin nümayəndəsi deyib.

“Böyük Britaniya və bizim tərəfdaşlar Rusiya hökumətinin Ukraynadakı hərəkətlərini yekdilliklə qınayır və Kremli müharibəni dayandırmağa çağırır. Biz Ukraynaya dəstəyimizdə yenə də tam qərarlıyıq”, - deyə nümayəndə vurğulayıb.

Qeyd edək ki, Kreml cavab tədbirləri qismində Baş nazir Boris Consonun və onun kabinetinin əsas üzvlərinin RF ərazisinə girişinə qadağa qoyub. Rusiya XİN-in bu gün elan açıqlanan bəyanatına əsasən, Boris Consonla yanaşı, Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass, müdafiə naziri Ben Uolles, ədliyyə naziri Dominik Raab, maliyyə naziri Rişi Sunak, nəqliyyat naziri Qrant Şapps, daxili işlər naziri Priti Patel, sahibkarlıq, energetika və sənaye strategiyası naziri Kvazi Kvartenq, rəqəmsallaşma, mədəniyyət, media və idman naziri Nadin Dorris də bu siyahıya daxil edilib.

Bundan başqa, Mühafizəkarlar Partiyasının deputatı, Birləşmiş Krallığın sabiq baş naziri Tereza Mey, müdafiə nazirinin müavini Ceyms Hippi, Şotlandiyanın birinci naziri Nikola Stercen, İngiltərə və Uelsin baş prokuroru Suella Braverman da Rusiyaya girişi qadağan olunanlar arasındadır.

Xarici İşlər Nazirliyinin məlumatına görə, yaxın zamanlarda bu siyahıya Rusiya əleyhinə isteriyanın qızışdırılmasına səbəb olan və Qərbi Moskvaya qarşı təhdid dilindən istifadəyə sövq edən digər britaniyalı siyasətçilər və parlament üzvləri də əlavə ediləcək.

Xarici siyasət idarəsindən bu qadağanın London tərəfindən Rusiyanı beynəlxalq miqyasda təcrid etmək məqsədi daşıyan qeyri-ciddi informasiya və siyasi kampaniyanın yayılmasına və daxili iqtisadiyyatı boğmaq cəhdinə cavab olduğu bildirilib.