Deyirlər ki, Rusiyanın müdafiə naziri harasa yoxa çıxıb” - Zelenski Şoyqudan danışdı

Dünya
26 Mrt 2022
09:46
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə naziri Sergey Şoyqunun son zamanlar informasiya məkanında az görünməsinə münasibət bildirib.

“zirvetv.az ” “Ukrainskaya pravda” nəşrinə istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.

O çıxışında Şoyqunun ukraynalı hərbçilərin hər gün rusiyalı hərbçiləri və Rusiyaya məxsus texnikanı zərərsizləşdirdiyi Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsinə yollandığını güman etdiyini bildirib:

“Deyirlər ki, Rusiyanın müdafiə naziri harasa yoxa çıxıb. Maraqlıdır, bəlkə, o da şəxsən Çernobayevkaya səfər etmək istəyib?”

Onun sözlərinə görə, son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna güclü zərbələr endirib.

Xatırladaq ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib. Bildirilib ki, nazir, 11 gündür ictimaiyyət qarşısına çıxmayıb.

Həmçinin Şoyquda ürək xəstəliyi olduğu da iddia edilib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun yoxa çıxmasını maraqlı adlandırıb, Rusiyanın daha bir neçə əsas siyasi xadiminin informasiya məkanından yoxa çıxdığını qeyd edib.