İtaliyada dörd uşağı olan ailələrə ayda bu qədər pul veriləcək

Dünya
29 Ara 2021
08:16
İtaliya hökuməti bütün ailələr üzrə uşaq müavinətlərinə dair paketi elan edib.

“zirvetv.az ” xəbər verir ki, Nazirlər Şurasının təsdiq etdiyi paketə əsasən, ailələrə gəlir səviyyəsindən asılı olaraq ilk iki uşaq üçün hər uşağa görə 175 avroyadək dövlət dəstəyi veriləcək. Ödəniş üçüncü uşaq üçün 260 avro, dördüncü uşağa görə 360 avro olacaq. Hər ikisi işləyən və dörd uşağı olan valideynlər isə ayda 1090 avro alacaqlar.


Maddi vəziyyəti yaxşı olan və az uşaqlı ailələr də güzəştlərdən faydalanacaqlar. Gəlir səviyyəsi ildə 15 min avrodan az olan ailələr bu müavinətləri ala biləcəklər. Gəlirləri yüksək olanlara da az miqdarda olsa da, ödəniş olunacaq. Yüksək gəlirli ailələr üçün minimum müavinət hər uşağa görə 50 avro müəyyən edilib. Hər iki valideynin işlədiyi və sağlamlıq imkanları məhdud uşağı olan ailələrə də əlavə müavinətlər veriləcək.

21 yaşa qədər olanlara dövlət dəstəyi davam edəcək, lakin 18 yaşdan sonra müavinətlər azaldılacaq. İtaliya vətəndaşları ilə yanaşı, bu ölkədə ən azı 2 il yaşayan əcnəbilər də müavinətdən yararlana biləcəklər.

İtaliyanın ailə və bərabər imkanlar naziri Elena Bonetti müavinətlərlə bağlı paketin 7 milyon ailəni əhatə edəcəyini və bunun üçün hər il 20 milyard avro ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Avropada doğum nisbətinin ən aşağı olduğu ölkələrdən biri olan İtaliyada bu paketin həm ailələrə iqtisadi dəstək, həm də demoqrafik böhranın qarşısının alınması məqsədi daşıdığı bildirilir.