Quba və Qusar sakinləri üçün Həkim Məsləhət Komissiyası yaradıldı

Cəmiyyət
20 Nis 2023
21:39


"ZirveTv" xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli və idarənin digər məsul şəxsləri, xarici tibb nümayəndə heyəti və media nümayəndələri Qubaya səfər ediblər.



Səfər çərçivəsində tədbir iştirakçıları burada yaradılan şərait və komissiyanın işinin təşkili ilə yaxından tanış olublar.



Səfərin məqsədi media heyətini və Litva Respublikasının Milli Tibbi Sığorta Fondu (Tvininq layihəsinin) nümayəndələrini əlilliyin qiymətləndirilməsində vətəndaşların əyani baxışdan keçirilməsi qaydası, bu məqsədlə tibb müəssisəsində yaradılmış şərait və görülən işlərlə tanış etməkdir.



Jurnalistlərin suallarını cavablandıran İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür:
- “Növbəti tədbir pilot layihənin icrası ilə bağlıdır. Layihənin əsas məqsədi tibb müəssisələrində Həkim Məsləhət Komissiyalarının işini təkmilləşdirmək, göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq və vətəndaş məmnunluğunu təmin etməkdir.



H.İbrahimli vurğulayıb ki, layihənin icrasına ilkin olaraq Quba Rayon Mərkəzi Xəstəxanasında başlanılıb. Həkim Məsləhət Komisiyasının fəaliyyəti xəstəxanaya müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərinin, qoyulmuş diaqnozların düzgünlüyünə nəzarət etmək, 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğunluğu yoxlamaq üçün vətəndaşın yerində əyani müayinəsini aparmaqdan ibarətdir”



Həmçinin media nümayəndələrinin suallarına aydınlıq gətirən Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov bildirib ki, vətəndaşların həkim məsləhət komisiyası tərəfindən qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün xəstəxanada qəbul və müvafiq otaqlar ayrılmışdır: - “Müayinə otaqları bütün lazımi avadanlıqlarla (elektrokardioqrafiya, exokardioqrafiya, bronxoskopiya, portativ rentgen, ultrasəs müayinə) təchiz edilib.
Quba və Qusar sakinlərinin əlillik məsələləri üzrə müraciətləri ilə bağlı həftəlik xüsusi qəbul günləri tərtib edilib. Burada həftə ərzində 70-100 vətəndaşın müraciətlərinə baxılır, mövcud sənədlər nəzərdən keçirilir, vətəndaşlar yerində müayinə olunur və müvafiq qərarın qəbulundan sonra toplanmış sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilir”.



Həmçinin tədbirdə qeyd edilib ki, layihə çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahatlığı və məlumatlara əlçatanlığı məqsədilə kompüter və monitorlar quraşdırılıb. Bu qurğular vasitəsilə vətəndaşlar yeni təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarları və müvafiq meyarlar üzrə gərəkli olan müayinələrin siyahısı ilə tanış ola bilirlər.



Buda vətəndaşın yeni meyarlara əsasən tələb olunan müayinələri təsviri şəkildə görməsinə və şəxsi müayinələri arasında natamamlıq və ya dəqiqləşdirilməmiş diaqnoz olduğu təqdirdə yerində təkrar həkim tərəfindən yoxlanılmasına imkan yaradır.



Bu da öz növbəsində vətəndaşın əlavə tibbi yoxlama üçün digər xəstəxanaya təkrar müraciət etməsinin, nəticədə vaxt itkisinin qarşısını alır.



Həmçinin onuda qeyd edək ki, pilot layihənin nəticələrindən asılı olaraq, əlilliyin qiymətləndirilməsi məsələləri üzrə ölkənin digər bölgələrində də mərkəzləşdirilmiş xəstəxanaların müəyyən edilərək layihənin icrasının davam etdirilməsi nəzərdə tutulub.



Sağlamlığı məhdud olan vətəndaşlar pensiya təyinatı üçün adıçəkilən müəssisəyə həftənin 2-ci günləri saat 13:00-da Qusar sakinləri, həftənin 4-cü günləri saat 13:00-da isə Quba sakinləri müraciyyət edə bilərlər.

Gül AsimanNur.