Anar Kərimov Beyləqanda mədəniyyət müəssisələrinə baxış keçirdi
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Mədəniyyət Nazirliyindən “zirvetv.az”a verilən məlumata görə, qəbuldan sonra nazir Beyləqan rayonunda tarixi abidəyə və bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
Nazir Beyləqan şəhidlərinin uyuduğu məzarlığı ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramını bildirib. Sonra həmin ərazidəki yerli əhəmiyyətli tarixi abidə – Cərcis peyğəmbər ziyarətgahına (XVI əsr) baş çəkib. Abidənin tarixi və memarlığı barədə nazirə məlumat verilib.
Anar Kərimov Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbində Mədəniyyət Nazirliyinin vəsaiti hesabına aparılan əsaslı təmir işləri ilə tanış olub. Nazir işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət naziri 2019-cu ildə əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinə də baxış keçirib.
Səfər çərçivəsində Anar Kərimov əsası 1946-cı ildə qoyulan və 400 min nüsxəyə yaxın kitab fondu olan Beyləqan rayon Mərkəzi Kitabxanasına, 1939-cu ildə Beyləqan şəhərində əvvəlcə klub kimi yaradılan və 2015-ci ildən mədəniyyət mərkəzi olaraq fəaliyyətini davam etdirən Beyləqan rayon Mədəniyyət Mərkəzinə də baxış keçirib, müəssisələrin fəaliyyəti barədə məlumat alıb.
Beyləqanda mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində “Aran qala” xalq çalğı alətləri ansamblı, Kürdəmir, Beyləqan və Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin ifasında konsert proqramını izləyib.