Ananın uşağını evdə niyə tək qoyub getdiyini araşdırdınızmı?

---
5 Şub 2022
11:47
Bir neçə gündür mətbuatda evdə tək qalan uşağın mənzilin eyvanından ağlayaraq anasını səsləməsi ilə bağlı videogörüntülər yayılıb.

Görüntülərdən də aydın olur ki, azyaşlının anası onu mənzildə tək qoyaraq işə gedib və evdə tək qalan uşaq yaşadığı 16-cı mərtəbənin eyvanından ağlayaraq onu çağırır.

Məlum olub ki, həyat yoldaşından ayrılan və tək uşaq böyüdən ana ailəsini dolandırmaq üçün yaxınlıqdakı şirniyyat müəssisəsində işləyir. Uşağı isə məcburiyyətdən evdə tək qoyaraq işə çıxır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayılmış videogörüntülərlə bağlı ailəni ziyarət edib və anaya valideynlik məsuliyyəti barədə xəbərdarlıq edildiyini açıqlayıb. Bildirilib ki, bir daha bu hal təkrarlanarsa, valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

“zirvetv.az_ın " xəbərinə görə, qurumun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Tək yaşayan və övladının acından ölməməsi üçün çalışan anaya kömək əvəzinə xəbərdarlıq olunması tənqid olunub. Bildirilib ki, ona müvafiq dəstək göstərilsəydi, o da bu çətin vəziyyətdən çıxa bilərdi. Həmçinin qeyd olunub ki, ananın aldığı məvacib yetərli olsaydı, övladını uşaq bağçasına yerləşdirə bilərdi.

Vəkil Zibeydə Zəkəriyyəyeva da anaya aidiyyəti dövlət qurumunun xəbərdarlıq etməsini tənqid edib. O qeyd edib ki, əslində ananın niyə uşağını evdə tək qoyub getdiyi araşdırılmalı və ona bu istiqamətdə köməklik olunmalı idi:

“Anaya xəbərdarlıq etməkdənsə, vəziyyətini yaxşılaşdırmaq üçün hansı tədbir görüldüyünü deyin. Nəyə görə, ana gecəyə kimi işləyir? Axı iş vaxtı gün ərzində 8 saat olmalıdır? Araşdırdınızmı, gün ərzində çox saat işləyən ana nə qədər məvacib alır? Araşdırdınızmı, ana nə üçün körpə balasını evdə tək qoyub işə gedir? Amma anaya tez xəbərdarlıq etdiniz və bu barədə dərhal məlumat yaydınız”.