8 Noyabr prospekti niyə pik saatlarda təmir edilib?
8 Noyabr prospektinin iki zolağını ötən gün eyni vaxtda təmirə bağlayıblar. Axşam pik saatlarda təmirə bağlanan bu yol böyük sıxlığa səbəb olub”.
Bu şikayətlə “zirvetv.az_a" sürücülər müraciət ediblər. Onlar təmir işlərinin hərəkətin intensiv olduğu yollarda qaynar saatlarda aparılması ilə bağlı narazılıq ediblər.
Problemlə bağlı ərazidə təmir işlərini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən bildirildi ki, sözügedən ərazidə ötən gün həyata keçirilən təmir isə hava şəraitinin dəyişməsilə əlaqədar təcili həyata keçirilib:
“Ötən gün hava şəraiti dəyişdiyinə görə məcburi addım atılıb, 8 Noyabr prospektinin Zığ yoluna birləşdiyi hissəsində təmir işləri axşam saatlarına düşüb. Sinoptiklər gecə saatlarında yağış yağacağı ilə bağlı proqnoz veriblər. Ona görə də həmin yolda təcili olaraq iki zolağı bağlayaraq təmir işləri icra olunub və bu da müəyyən ərazidə sıxlığa səbəb olub. Artıq hava şəraitinin düzəlməsi gözlənilir. Təmir işləri sonra davam etdiriləcək. Ümumiyyətlə, həmin prospekt boyunca sıxlığın həmin təmirlə əlaqəsi yoxdur, orada həmişə tıxac müşahidə olunur”.
Agentlikdən həmçinin bildirilib ki, adətən təmir işləri şənbə, bazar günləri və gecə saatlarında həyata keçirilir.